Topaz Premyer Liqasının 20-ci turunun maraqla gözlənilən matçlarından biri də "Qəbələ" – "Qarabağ" qarşılaşmasıdı. Düzdü, "Xəzər Lənkəran"la "Neftçi" arasında baş tutacaq "Böyük oyun" bu matçı kölgədə saxlasa da, Qəbələ şəhərində zirvə yarışı uğrunda qızğın mübarizə gedəcəyi heç kimdə şübhə doğurmur.
19-cu tura nəzər saldıqda, "Qəbələ" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub etdisə, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Xəzər Lənkəran"a minimal hesabla məğlub oldu. Qış fasiləsindən sonra Yuri Syominin yetirmələrinin autsayder üzərində qələbə qazanması gözlənilən idi. Ancaq Mustafa Dənizlinin yoxluğunda cənubluların "atlılar"ı yeganə qolla məğlub etməsi bir qədər gözlənilməz oldu.
"Qəbələ" və "Qarabağ" arasında baş tutan son 6 qarşılaşmaya nəzər salsaq, ağdamlıların üstünlüyü açıq-aşkar hiss olunur. Belə ki, bu komandaları arasında baş tutan son 6 matçın 4-də ağdamlılar, 1-də isə əyalət təmsilçisi qələbəni bayram edib. 1 qarşılaşmada isə komandalar meydandan sülhlə ayrılıblar. Bu matçlar ərzində ağdamlılar rəqib qapısından 10 top keçiribsə, qəbələlilər bunlardan 6-nın əvəzini çıxa biliblər.
Fevarlın 8-də baş tutacaq qarşılaşma sözsüz ki, turnir cədvəlinin üst pillələrindəki komandaların mövqeyinə təsirsiz ötüşməyəcək. Bu qarşılaşmada "Qəbələ" Qurban Qurbanovun futbolçularından bir baş üstün görünür. Ona görə ki, tarixində ilk dəfə çempionluğa yaxın olan əyalət təmsilçisi qış fasiləsində heyətinə yeni futbolçular cəlb edərək, gücünə güc qatdı. Həmçinin "Qarabağ"ın son turda "Xəzər Lənkəran"a məğlub olaraq turnir cədvəlinin 3-cü pilləsinə enməsi ağdamlı futbolçuların motivasiyasına təsirsiz ötüşə bilməz. Bu səbəbdən də "Qarabağ"ı "Qəbələ" ilə matçda fovorit saymaq olmaz. Çünki ağdamlılar qış "transfer pəncərəsi"də iddiasına uyğun transferlər etmədi. Sözsüz ki, bu amil zamanla "Qarabağ"ın oyunlarında öz mənfi təsirini göstərəcək.
Komandaların heyətilərinə nəzər salsaq, "Qarabağ"da Rəşad Sadıqovun zədəli olması ağdamlılar üçün problemə çevrilə bilər. Ancaq Sadıqovun böyük cəhdlərlə bu qarşılaşmaya yetişdirilməsi gözlənilir. Ağdamlıların hüçumçusu Nikolas Gelaşvilinin də zədəli olduğunu nəzərə alsaq, onun yoxluğu komanda üçün böyük itki deyil. Çünki gürcüstanlı futbolçunun varlığı ilə, yoxluğu arasında heç bir fərq yoxdu. “Qəbələ”nin əsas qol ümidlərindən olan Daniel Subotiç cəzasını başa vurub. Yuri Syominin "Qarabağ"la oyunda Subotiçin xidmətindən yararlanması gözlənilir.
EMİN SƏFƏROV





