Şahin Diniyevin gedişindən sonra "Rəvan"a baş məşqçi təyin edilən Güvənç Kurtar "Bakı" məğlubiyyəti və "İnter"lə keçiriləcək oyun haqda danışıb. Futbolinfo.az saytına açıqlamasında türkiyəli məşqçi bunları dilə gətirib:
"Qısa bir müddətdə komandanı götürdük. Yanvarın 15-də Bakını tərk etdik. Burada normal məşq edə bilmədik. Yeni transferlər gəldi. Onlardan 2-si məşqsiz, birbaşa oyuna çıxdılar. Yəni "Bakı" ilə qarşılaşmaya hazırlıqsız çıxdıq, ona görə də məğlub olduq. Buna baxmayaraq komandanı düzəltmək üçün buraya gəlmişəm. Öz bacarıqlarımızı bu komandada göstərəcəyik. Ancaq bir az da olsa, irəliləyiş var. Çünki "Bakı" ilə oyunda ötürmələr yaxşı idi. "İnter" yaxşı oynayan bir komandadı. Bu oyuna hazırlaşırıq. 1-2 məşqlə hər şeyi düzəltmək olmaz. Ona görə də əlimizdən gəldiyi qədər komandanı düzəltməyə çalışırıq".





