"Biz "Neftçi" klubu olaraq futbolumuzun inkişafı üçün əlimizdən gələni edirik. Belə bir oyunun canlı yayımlanması təbii ki, "Xəzər Lənkəran" – "Neftçi" oyunu üçün yox, bütün Azərbaycan üçündü. Hətta Azərbaycandan xaricdə də bu oyun tanınır". Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyib.
Klub rəsmisi Topaz Premyer Liqasının 20-ci turunda baş tutacaq "Xəzər Lənkəran" – "Neftçi" oyununun canlı yayımlanmamasına etirazını bildirib: "Azərbaycan futbolunun populyarlaşması üçün bu oyunun yayımlanması mütləq amillərdən biridi. "Bakcell Arena"da keçirilmiş "Neftçi" – "Xəzər Lənkəran" oyunu zamanı rəqib azarkeşlər bu oyunda iştirak etmədilər. Lənkərandakı görüşdə də bizim azarkeşlər olmayacaq. Digər tərəfdən Azərbaycana gündən-günə səviyyəli məşqçilər, futbolçular gəlir. Məncə, Mustafa Dənizli ağlına belə gətirməz ki, Türkiyədə hansısa bir oyun canlı yayımlanmasın. Onlarda oyunlar nəinki canlı yayımlanır, hətta komandaların stadiona gəlişi də göstərilir. O səviyyədə olan oyunlarda 2-3 saat əvvəl canlı yayım olmalıdı. Ab-havanın möhtəşəm olması üçün əllərindən gələni edirlər. Başa düşmək çox çətindi. Çempionatı təşkil edən qurum, oyunu canlı yayımlamaq istəyən kanal öz müsbət rəylərini bildirir. Belə bir oyunu internet çərçivəsinə salmaq "Böyük oyun"u kiçiltmək deməkdi. Belə oyunlar bütün dünyaya çatdırılmalıdı".
Bakı klubunun rəsmisi çempionatın yayım məsələsinə də toxunub: "Xəzər Lənkəran"ın bu işə olan münasibəti onların özlərinə aid olan məsələdi. Mən bu məsələyə başqa prizmadan yanaşıram. Bir neçə il bundan əvvəl klublar tərəfindən canlı yayım üçün şərait yaradılırdı. Bunu heç bir klub inkar edə bilməz. Topaz Premyer Liqasında AZTV və "İdman Azərbaycan" kanalına ixtiyar verilib ki, oyunları canlı yayımlasınlar. Necə ola bilər ki, əvvəlcə klublar şərait yaradırdı, indi televiziya bunu edir və klub buna maneçilik törədir. Bəli, bütün dünya praktikasında klublar yayımdan vəsait qazanır. Amma 2 il bundan əvvəllə müqayisə edildikdə, o zaman klublardan vəsait tələb olunurdu. Bu gün 3-5 manatı yox, Azərbaycan futbolunu fikirləşmək lazımdı. Belə gözəl oyun il ərzində kubok oyunlarını çıxsaq, cəmi 4 dəfə olur. Yenə deyirəm, bu oyunu kiçiltmək futbola qulluq etmək demək deyil".
Süleymanov sonda bunları dilə gətirib: "Biz qonaq komandayıq. Fikirimizi bildirdik, sizə misal da gətirdim ki, "Bakcell Arena"dakı oyunda rəqib azarkeşlər olmadı və biz yüksək səviyyədə yayım üçün şərait yaratdıq. Oyun canlı yayımlansa da, yayımlanmasa da, bu oyun baş tutacaq. Ancaq vurğulamaq istəyirəm ki, "Böyük oyun" statusu almış bir oyunu bu dərəcədə kiçiltmək olmaz. Dünyanın hansı ölkəsində bir nömrəli derbi oyununun canlı yayımlanmamasını eşitsələr, buna sadəcə, inanmazlar. İstənilən klub bir neçə il bundan əvvəl nəinki daxili çempionat, hətta beynəlxalq oyunları da yayımlamaq üçün şərait yaradırdılar. İstər "Topaz" olsun, istər PFL, istərsə də AZTV və "İdman Azərbaycan". Məncə, nə "Neftçi"nin, nə "Xəzər Lənkəran"ın, nə də digər aparıcı klubların o 3-5 manata ehtiyacı yoxdu. 1-2 il bundan əvvəl canlı yayım üçün şərait yaradan klubun oyununu indi təmənnasız yayımlamaq istəyənlərdən nəsə istəməsi yolverilməzdi. İnkişafa doğru gedirik. Yaxın gələcəkdə futbolumuz təşkilati baxımdan o səviyyəyə qalxar ki, klublar da vəsait qazanar. Məgər azarkeşlərdən, teleyayımlardan hansısa klubumuz öz büdcəsinin 15-20 faizini qazanırmı? Bu, mümkün olan şey deyil".
RÖVŞƏN ƏHLİMANOĞLU





