"Əsas heyətin hər bir oyunçusu olmayanda sıxıntı olur. Amma təcrübəli oyunçunun meydanda olması vacibdi. Onun meydanda olması komandanın xeyrinədi. Rəşad Sadıqov həm komandanın kapitanıdı, həm də dostumdu". Futbolinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ" ilə qarşılaşmadan sonra qonaqların baş məşqçisi Qurban Qurbanov deyib.
 
Yerli mütəxəssis oyun haqda bunları bildirib: "Nəticəyə görə demirəm. Amma düşünürəm ki, yaxşı oyun oldu. Hər iki tərəf yaxşı oyun göstərdi. Hər iki tərəfin azarkeşləri aktiv idi, tam futbol havası var idi. Vacib 3 xal qazandıq. Haradasa, oyun düşündüyümüz kimi alındı. Rəqibi düzgün analiz edib, oyun qurmağa çalışdıq. Məncə, hamı oyundan razı qaldı, surətli oyun keçdi. Bu da onu göstərir ki, çempionat daha da aktivləşir və rəqiblər də get-gedə güclənir. Hər bir oyun bizim üçün vacibdi. Bu səbəbdən ciddi olmalıyıq və sabit oyun göstərməyə çalışmalıyıq. Bu isə tək bizdən yox, futbolçulardan da asılıdı. Bu gün hansı rəqib olsaydı, biz maksimum nəticə üçün meydana çıxacaqdıq. Rəqib çalışırdı ki, bizə oyunumuzu göstərməyə imkan verməsin".
Shares: