Azərbaycanın futbol üzrə U-19 yığmasının sabiq baş məşqçisi Arif Əsədovun AFFA ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra onu almaniyalı mütəxəssis Nikolay Adam əvəz etdi. Futbolinfo.az xəbər verir ki, bundan sonra Əsədovun yeni yaradılacaq U-20 yığmasına rəhbərlik edəcəyi bildirilirdi.
Amma bu barədə xəbərlərin yayılmasının üstündən xeyli vaxt keçsə də, hələ ki, ortada heç nə yoxdu. Saytımıza açıqlama verən Arif Əsədov məsələyə belə münasibət bildirib:
"Bu haqda yeni ildən qabaq AFFA-nın baş katibi Elxan Məmmədovla söhbətimiz olmuşdu. Məsələ tam təsdiqini tapmayıbsa, heç bitməmiş də hesab etmək olmaz. Deyilmişdi ki, yeni ildən sonra bu məsələyə yenidən qayıdılacaq. Hazırda susqunluq olduğu üçün düşünürəm ki, məsələ öz həllini tapmadığı üçün hələ də qalıb. Mən milli komandamız üçün əlimdən gələni etməyi hazıram. Həmin uşaqları Antalyada yaxından izlədim. Mənim təqdim etdiyim siyahıda həmin uşaqların da adı var idi. Samir Məsimov, Elvin Bədəlov və s. Düşünürdüm ki, o uşaqları U-20 komandasına aparım. Bu futbolçular itib-batmasın deyə, belə bir təklif irəli sürmüşdüm. Amma gördüyünüz kimi, hələ ortalıqda heç nə yoxdu".





