Azərbaycan çempionatında lazımsız legionerlər çoxdur. Onların komandaların heyətində nə məqsədlə saxlanıldıqları ciddi maraq doğurur. Layiq olmadığı paraları alan bu əcnəbilər yalnız ehtiyat oyunçular skamyasını isitməklə məşğuldu.
 
Belə oyunçulardn ikisi bu həftə üz-üzə gələcək “Bakı” ilə “Neftçi”nin heyətindədi. Düzdü, Premyer Liqada çox belə futbolçu haqda yazmaq olar. Amma bu gün növbəti turda üz-üzə gələcək komandaların lazımsızlarından bəhs edəcəyik.
 
Komandasının ehtiyacı olmayan futbolçuların başında Melvin Platye durur. Gəldiyindən bəri nadir hallarda meydanda gördüyümüz bu futbolçu son zamanlar ümumiyyətlə, artıq yükə çevrilib. Mövsüm ərzində sadəcə, bir dəfə fərqlənən futbolçu bu qolu da penaltidən vurub. Yalnız 6-cı turda “İnter”in qapısına penalti qolu vuran hollandiyalı bundan sonra heç rəqib qapılarına yaxınlaşa da bilməyib.
 
Platyenin komandada qalmasının “Neftçi”yə nə verdiyi olduqca maraqlıdı. Ümid edirik ki, bu sualın cavabını klub prezidenti Sadıq Sadıqov yaxşı bilir. Axı, bu, məşqçilərin qərəzi üzündən belə ola bolməz. Tərlan Əhmədov, Nazim Süleymanov, eləcə də Böyükağa Hacıyev – yəni, bu mövsüm komandaya rəhbərlik etmiş bütün məşqçilər sözügedən futbolçuya ehtiyac duymayıbsa, deməli, cavabı yalnız prezident bilir.
 
“Neftçi” bu mövsüm rəqib qapılarından 32 qol keçirib ki, bunların yalnız 9-nu hücumçular vura bilib. Bu da komandanın mövsüm ərzində vurduğu qolların heç 30 faizi etmir. Bahodır Nasimov 5 dəfə rəqiblərini məyus edibsə, sırf hücumçu olmayan Ernest Nfor 4 topla komandasına sevinc bəxş edib. Digər qolları isə müxtəlif mövqelərdə oynayan futbolçular vurub. Platye hücumçu kimi isə meydana çıxdığı zaman da komandasına xeyir verə bilmirsə, nə üçün hələ də “Neftçi”dədi?
 
Digər lazımsız futbolçu isə “Bakı”nın hücumçusu Marius Penadı. “Zolaqlılar”ın sabiq baş məşqçisi Bojidar Bandoviçin Azərbaycana gətirdiyi futbolçu elə onun zamanında bir neçə oyunda meydana çıxdı. Əslində, Penanın oynamaması qaranlıq məsələdir. Çünki o, “Bakı”nın heyətində çıxdığı hər oyunda demək olar ki, qol və ya qollar vururdu. Lakin Milinko Pantiç paytaxt klubuna baş məşqçi təyin olunduqdan sonra rumıniyalı yalnız kənarda günlər sayır, heç ilk “18-liy”ə belə salınmır. Qış fasiləsində komandanı tərk edəcəyi gözlənilən forvard komandada qaldı. Pena özü də açıqlamasında Pantiçlə yola getmədiyini və komandanı tərk etmək istədiyini bildirmişdi. Lakin nədənsə rumıniyalı “zolaqlılar”ın heyətindən kənarlaşdırılmadı.
 
Azərbaycan futbolunda anormal hadisələr qalmaqda davam edir. Yüksək pul ödənilib amma heç bir oyuna çıxmayan, nə üçünsə komandada saxlanılan futbolçuların qalması kimlərə sərf edir? Yəqin onların oynamadan da komandada qalmasından qazananlar var…
 
ELSEVƏR MƏMMƏDOV
Shares: