Bu gün Topaz Premyer Liqasının 21-ci turuna start veriləcək. Futbolinfo.az xəbər verir ki, turun ilk oyunu Zaqatalada baş tutacaq.
Açılış matçında "Simurq" doğma azarkeşlər önündə "İnter"i qəbul edəcək. Futbol ictimaiyyəti tərəfindən "qardaş" statusu alan komandaların görüşü böyük maraq kəsb edir. Belə ki, "İnter"in 2 futbolçusu – Vaqif Cavadovla Brüs Abdulaye sarı vərəqə limitini doldurduğu üçün Zaqatalada meydanda olmayacaq. Görünür, "bankirlər"in səfərdə 3 xalı asanlıqla qazanacağı şübhə doğurmadığından sözügedən futbolçuların cəzasını məhz bu oyunda çəkmələri "məsləhət görülüb". Beləliklə, adıçəkilən hər iki futbolçu növbəti turda keçiriləcək "Neftçi" ilə qarşılaşmaya çıxa biləcək.
Son oyunda meydanı xalsız tərk etmiş "Simurq" qələbə qazansa, vəziyyətini yaxşılaşdıracaq. Lakin Zaqatala klubunun meydanı 3 xalla tərk edəcəyi təqdirdə "qardaş"ının işi çətinləşəcək. Bu səbəbdən də "bankirlər"in bölgədən xalsız dönəcəyini düşünmək olmaz. Kaxaber Sxadadzenin komandası aparıcı futbolçuları olmadan da, qələbə qazanmağa hazırlaşır.
"Qardaşlar"ın bu görüşünün sevgililər gününə təsadüf etməsi isə olduqca maraqlıdı. Komandalar cari mövsümdə iki dəfə üz-üzə gəlib. İlk dövrədəki qarşılaşmada Georgi Çixradzenin komandası meydanı 2:1 hesablı qələbə ilə tərk etmişdisə, ikinci dövrədə tərəflər qolsuz bərabərliyə razılaşmışdı.
Topaz Premyer Liqası
21-ci tur
14 fevral (cümə)
15:00. Simurq – İnter
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Mübariz Haşımov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Zaqatala. Zaqatala şəhər stadionu.
Turun digər oyunları sabah keçiriləcək: Qəbələ – Xəzər Lənkəran, Qarabağ – AZAL, Sumqayıt – Rəvan, Bakı – Neftçi.
| 1 | Qarabağ | 20 | 11 | 6 | 3 | 32 | 12 | +20 | 39 |
| 2 | Neftçi | 20 | 11 | 5 | 4 | 32 | 21 | +11 | 38 |
| 3 | Qəbələ | 20 | 12 | 2 | 6 | 30 | 17 | +13 | 38 |
| 4 | İnter | 20 | 10 | 3 | 7 | 31 | 23 | +8 | 33 |
| 5 | Bakı | 20 | 10 | 3 | 7 | 35 | 22 | +13 | 33 |
| 6 | XL | 20 | 6 | 8 | 6 | 19 | 26 | –7 | 26 |
| 7 | Simurq | 20 | 6 | 7 | 7 | 19 | 18 | +1 | 25 |
| 8 | AZAL | 20 | 6 | 7 | 7 | 20 | 27 | –7 | 25 |
| 9 | Rəvan | 20 | 1 | 6 | 13 | 11 | 39 | –28 | 9 |
| 10 | Sumqayıt | 20 | 1 | 5 | 14 | 13 | 37 | –24 | 8 |
Bombardirlər:
10 – Vaqif Cavadov (İnter)
8 – Reynaldo (Qarabağ)
7 – Rauf Əliyev (Bakı), Mindauqas Kalonas (Bakı), Daniel Subotiç (Qəbələ), Leonardo da Silva (Qəbələ)
6 – Əfran İsmayılov (Bakı), Etame Mbilla (Xəzər Lənkəran).





