Topaz Premyer Liqasının 21-ci turunda "Sumqayıt" doğma azarkeşlər önündə "Rəvan"ı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, son oyunda AZAL-dan bir xal alan Aqil Məmmədovun yetirmələri turnir cədvəlindəki mövqelərini yaxşılaşdırmaq üçün meydana çıxacaq.
Bu barədə baş məşqçi saytımıza açıqlamasında məlumat verib:
"Oyuna hazırlıq yüksək səviyyədə gedir. Demək olar ki, Premyer Liqadakı taleyimiz həll olunur. Bu səbəbdən oyuna qələbə əzmi ilə çıxacağıq və qalib gəlməyə çalışacağıq. Lakin bu, futboldu, hər şey ola bilər. Komandada bir cəzalı var. Pərdis Fərcad-Azad sarı vərəqə limitini bitirib. Qalan futbolçular bir arada məşq edirlər. Yüngül zədələr var. Amma bu, oyuna heç bir təsir etməyəcək. Son oyunda AZAL-dan bir xal aldıq. Bu da komandaya əlavə bir motivasiya verir. Psixoloji vəziyyət yaxşıdı. "Rəvan"la çətin oyun olsa da, qələbə qazanmaq üçün meydana çıxacağıq. Mən özüm də futbolçu olmuşam. Elə oyunlar olur ki, futbolçu əlavə mükafatı yox, sırf qələbəni düşünməlidi. İnanıram ki, 90 dəqiqənin sonunda sevinən tərəf biz olacağıq".





