Mayın 28-də keçirilmiş futbol üzrə Azərbaycan kubokunun final oyunu Azərbaycan futbolunun tarixinə qara hərflərlə yazıldı. “Neftçi” ilə “Xəzər Lənkəran” arasında baş tutan oyundan sonra baş verən hadisələrin “qəhrəman”ı hesab edilən paytaxt klubunun keçmiş rəisi Güloğlan Cabbarov Futbolinfo.az-a müsahibəsində həmin olaylarla bağlı fikirlərini açıqlayıb, eləcə də digər suallarımızı cavablandırıb.

– Ölkə kubokunun finalından sonrakı hadisələr yadınızda necə qalıb?

– Olanlar artıq arxada qalıb. Keçmişə qayıtmaq istəməzdim.

– Ancaq həmin gün başverənlərə görə ən çox günahlandırılan şəxs siz oldunuz. Hətta “Neftçi”dən də ayrılmaq məcburiyyətində qaldınız…

– “Neftçi” mənim doğma klubumdu. Mən oradan qalmaqalla ayrılmamışam, öz ərizəmlə işdən çıxmışam.

– Ancaq sizin “Neftçi”nin Çempionlar Liqasındakı və Superkubokdakı oyunlarında iştirakınız müəyyən söz-söhbətlərə yol açdı. Güya siz “Neftçi”dən ayrılmamısız, sadəcə olaraq ictimaiyyətin “gözünə kül üfürülüb”…

– Necə istəyirlər, elə də düşünsünlər. “Neftçi”nin üç ardıcıl çempionluğu, Avropa Liqasında qazandığı uğurları Azərbaycan xalqı görür. Bunu futbol adamları da, media da çox gözəl bilir. Mənim bir səhvim oldu. Onu bu dərəcədə şişirtdilər. Bəs niyə mən orada olarkən qazanılan uğurlar vaxtı heç kimin yadına düşmürdüm? Mediada olan dostlarım da çox yaxşı bilirlər ki, Sadıq Sadıqov çox yaxın dostumdu, qardaşımdı. “Neftçi”yə bağlılığım da sırf bu kişiyə görədi.

– Bəs elədisə, niyə bütün günahlar sizin üstünüzdə qaldı?

– Bilirsiz, bu sualın cavabını açıqlamaq üçün hələ tezdi. Vaxtı gələr, deyərəm. 

– Ən çox tənqid olunan məqam “Xəzər Lənkəran”ın gənc futbolçusu Kamran Abdullazadəni döyməyiniz oldu. Etdiyiniz hərəkət üçün peşman deyilsiz?

– Mənim ona əlim dəyməyib. Kamranı yerdən mən qaldırmışam. Hətta oyundan sonra mən, Sadıq müəllim və Kamran bir yerdəydik. Mən Kamrandan “məndən incikliyin var, qardaş” deyə soruşdum, o da dedi ki, yox. Çünki özü də yaxşı bilirdi ki, onu mən vurmamışam, yerdən qaldırmışam. Əgər onu vurmuş olsaydım, mənlə görüşüb sağollaşmazdı. Orada başverənlər kamera görüntülərində də var. Sadəcə olaraq “Neftçi”ni istəməyənər bu məsələni belə şişirtdilər.

– O zaman qalmaqalın əsas səbəbkarı kimdi?

– Heç kimi yox, özümü günahkar bilirəm. Mən orada futbolçuların yanında olmamalıydım.

– Yenidən “Neftçi”yə qayıtmağınız mümkündü?

– Düzünü desəm, futboldan bir az uzaqlaşmağım yaxşı oldu. Çünki futbol elə idman növüdü ki, qardaşı qardaşla üz-üzə qoyar. Amma istənilən anda mən “Neftçi”nin yanındayam. Rəsmi və ya qeyri-rəsmi olaraq.

– Avqustun 25-də Lənkəranda başverənlər kubok oyununda olanların davamı idi. Tutulanlar oldu. Hətta bu gün həbsdə olanlar var…

– Lənkərandakı hadisələr olmamalı idi. Amma futbolda hər şey olur. Çünki aqressiv idman növüdü. Bir az da hakimlərin ədalətsiz qərarları azarkeşləri meydana tökmüşdü. İnşallah, belə hallar bir daha yaşanmaz. Əgər türmədə olanlar da həqiqətən də azarkeşlərdilərsə və futboldan başqa niyyətləri olmayıbsa, azadlığa buraxılmaları mütləqdi. Azarkeşin türmədə nə işi var?! Futbolda olan futbolda qalmalıdı. Sadəcə, əvvəlcədən stadionda asayiş qorunmalıdı ki, belə hallar yaşanmasın.

– “Neftçi”nin canlı izlədiyiniz Superkubok oyunundakı məğlubiyyətini necə qarşıladınız?

– Oyun maraqlı keçdi. Sadəcə, “Xəzər Lənkəran” həmin gün “Neftçi”dən daha istəkli idi. Oyunun böyük hissəsi “Neftçi”nin üstünlüyü ilə keçsə də, “Xəzər Lənkəran” qalıb gəlməyi bacardı. Rəqibi elə orada da təbrik etdim, uğurlar dilədim.

RÖYA KƏRİMLİ

 

VİDEOƏLAVƏ

Güloğlan Cabbarovun nə qədər səmimi danışdığını bu görüntülər vasitəsi ilə mühakimə edin. Heç kimə əli dəymədiyini deyən ağ köynəkli oğlanın məharətinə bir daha baxın:

 

 

Shares: