Topaz Premyer Liqasının 12-ci turunun “Neftçi” – “Xəzər Lənkəran” matçının ikinci hissəsində qonaqların vurduğu qol hesaba alınmayıb. Futbolinfo.az xəbər verir ki, rəqibi əks hücumda yaxalayan cənublular fasilədən az sonra hesabı bərabərləşdirməyə çox yaxın olsalar da, qapıçıyla üz-üzə qalan Zohair Benuahi qapıya zərbə endirmək əvəzinə meydana yeni çıxan Ağabala Ramazanova ötürmə etdi.
Məhz bu üzdən oyundankənar vəziyyətdə olan Ağabalanın vurduğu qol hesaba alınmadı. Hakimin bu qərarı isə ilk qoldakı ofsayddan fərqli düzgün idi. Cənub təmsilçisi bu epizoda görə yalnız Benuahini qınamalıdı.
Bu epizoddan fərqli, hakimlər az sonra “Xəzər Lənkəran”ın qapısına penalti təyin etməkdə də müəyyən yanlışlığa yol verdilər. Düzdü, Rasim Ramaldanov cərimə meydançasında Ernest Nforu kobudluqla dayandırdı və buna görə penalti təyin olunması normal idi. Amma referi epizodun başlanğıcında Nforun rəqibinə qarşı kobudluğunu qeydə almadı.
Hər halda artıq indidən “Böyük oyun”un hakimliyi ilə bağlı ciddi müzakirələrin gedəcəyini söyləmək olar.





